 |
TV SPOT |
 |
|
|
Arxiv
|
|
| B.E. |
Ç.a. |
Ç. |
C.a. |
C. |
Ş. |
B. |
| | | | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | | |
Xəbər bülleteni
Xəbər bülleteninə abunə olun:
Səsvermə: Sorğu 01
İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?
|

Bədən cəzasının dəqiq anlayışı necədir? BMT-nin Uşaq Hüquqları Komitəsi bədən cəzasına belə anlayış verir: fiziki gücün tətbiqinə əsaslanan və nə dərəcədə yüngül olmasından asılı olmayaraq müəyyən dərəcədə ağrıya və ya narahatçılığa səbəb olmaq məqsədi daşıyan istənilən cəza. Böyüklər özlərini daha rahat hiss etmək üçün şillələmək və ya kötəkləmək kimi evfemizmlər düşünüb tapmaqda çox mahirdirlər. Həqiqət bundan ibarətdir ki, uşaq üçün bunların hamısı zorakılıqdır və bu hərəkətlər böyüklərə qarşı yönəldikdə cinayət əməli təşkil edir. Nə üçün bədən cəzasını qadağan etməliyik? Uşaqlar insandır, insanların hüquqları isə beynəlxalq hüquqla, o cümlədən Avropa Şurasının İnsan hüquqları haqqında Konvensiyası ilə qorunur. İnsanların hüquqlarının ən əsas prinsiplərindən biri zorakılıq təhlükəsindən azad yaşamaq hüququdur. Əgər biz uşaqları zorakılıqdan müdafiə etməsək, təməl prinsipləri pozmuş olarıq. Bədən cəzasını qadağan etmək üçün bir çox başqa tutarlı əsaslar da vardır: 1. O, uşaqlara ciddi xəsarət yetirə bilər. 2. O, uşaqlara bunu öyrədir ki, zorakılıq münaqişələrin həllinin qəbul olunan yoludur. 3. O, intizam vasitəsi olaraq səmərəsizdir və uşaqları öyrətmək, islah etmək və ya intizamlı etmək üçün pozitiv yollar vardır. 4. Əgər bəzi zorakılıq formaları qanuni sayılırsa, onda uşaqları ciddi pozuntudan müdafiə etmək daha çətindir. Bəs valideynlərin hüquqları barədə nə demək olar? Zorakılığın ləğv edilməsi ailələrin hüquqlarına və ya din azadlığına xələl gətirməzmi? İnsan hüquqları bizim evlərimizin qapısı önündə başa çatmır. Digər ailə üzvləri kimi uşaqların da hüquqları var: kişi öz arvadını vurmaq hüququna malik olmadığı kimi uşaqları da vurmaq olmaz. Uşaqları kötəkləmək hüququnu müdafiə edən valideynlər Avropa İnsan Hüquqları Məhkəməsində işlərini ardıcıl olaraq uduzurlar. Bu sözlər kilsə icmalarının üzvlərinə də aiddir, o cümlədən gənc ingilis oğlanın ögey atasının ögey oğluna qarşı törətdiyi zorakılığın “ağlabatan cəza” olduğunu iddia etdiyi hala da aiddir. Bəzi insanlar bədən cəzasına haqq qazandırmaq üçün dini etiqadı əsas gətirə bilərlər. Lakin hər hansı dinə və ya əqidəyə qulluq etmək digərlərinin insan ləyaqətinə və fiziki toxunulmazlığına hörmət ilə uzlaşmalıdır. 2006-cı ildə Sülh Naminə Dinlərin Ümumdünya Assambleyasında Kiotoda (Yaponiya) 800-dən artıq dini lider uşaqlara qarşı zorakılıqla mübarizə etmək üzrə dini öhdəliyi təsdiq edərək hökumətləri qanunlar qəbul etməyə və zorakılığın bütün formalarını, o cümlədən bədən cəzasını qadağan etməyə çağırdılar. Layihə həddən artıq ambisiyalı deyilmi? Biz həqiqətən hər bir ölkəni bədən cəzasını qadağan etməyə inandıra bilərikmi? Bədən cəzasını qadağan etmək uğrunda mübarizə uzun və çətin mübarizədir. İlk dəfə Polşa onu 1783-cü ildə qadağan etmişdir, sonra 1900-cü ildə ona Avstriya, Belçika və Finlandiya qoşulmuşlar, Rusiya isə bu cəzanı 1917-ci ildə ləğv etmişdir. Onun tam ləğv edilməsinin mübahisəli məsələ olaraq qaldığı Birləşmiş Krallıqda bu cəzaya qarşı ilk etiraz 1669-cu ildə qeydə alınmışdır, həmin vaxt “enerjili bir oğlan” məktəblərdə bədən cəzasını dayandırmaq üçün “millətin bütün oğlanları adından” parlamentə şikayət təqdim etmişdi. Onun arzusu həyata keçənə qədər üç əsrdən artıq vaxt keçdi, bu, 1983-cü il tarixli Təhsil haqqında Qanunun sayəsində baş tutdu. Qadağanın uğurlu olması üçün hüquqi islahata və maarifləndirməyə – cəmiyyətləri zorakılığın qəbul edilməsindən ailələrlə birgə çalışmaq üçün yeni, pozitiv yolların təmin edilməsinə doğru irəliyə aparmağa ehtiyac vardır. İsveç buna nümunə ola bilər, 1979-cu ildə o, dünyada bədən cəzasını birmənalı şəkildə qadağan edən ilk ölkə oldu. Eyni zamanda, o, yaxşı valideynliyin öyrədilməsi üzrə tədbirləri tətbiq etdi. Nə üçün qadağanı tətbiq etmək bu qədər çətindir? Böyüklərin çoxu elə valideynlərin yanında böyüyüblər ki, həmin valideynlər intizamın və ya nəzarətin fiziki zorakılığı da özündə ehtiva etdiyini düşünüblər. Hazırda valideynlərin çoxu uşaqlarını kötəkləyir. Səhv hərəkət etdiklərini qəbul etmək onlar üçün çətindir, hərçənd, tamamilə aydındır ki, güclü, fiziki cəhətdən sağlam olan yetkin yaşlı şəxs balaca, zəif və köməksiz vəziyyətdə olan uşağa çoxlu xəsarət yetirə bilər. Böyüklərin acı həqiqəti qəbul etmələri və məyusluq, stress və qəzəbin öhdəsindən gəlməkdən ötrü digər yolların olduğunu görmələri üçün çoxlu iş görmək tələb olunur. Növbəti addım nədən ibarətdir? Avropa Şurası istəyir ki, hər bir ölkə bədən cəzasına qarşı qanunlar tətbiq etsin və uşaqlarla münasibətlərinə fərqli şəkildə nəzər salmaqda valideynlərə kömək etmək üçün üsullar hazırlasın. Əgər sağlam uşaqların boy atıb sağlam böyüklərə çevrilməsini istəyiriksə, onda yaxşı valideynlik praktikası önəmlidir. Biz ümid edirik ki, hökumətlər bu çağırışa təkcə qadağanı qanunvericilikdə tətbiq etmək yolu ilə cavab verməyəcək, həm də ailələri dəstəkləmək (məsələn, ailə ilə işin uzlaşdırılmasına nail olmaq üçün), valideynlər üçün xidmətlər təşkil etmək (məsələn, məsləhət və ya treninq), məlumatlılığı artırmaq və cəmiyyəti zorakılıqdan qəti şəkildə uzaqlaşdıracaq tədbirlər görmək yolunu seçəcəklər. Uşaqlara qarşı zorakılıq yanlış hərəkətdir və yetkin yaşlı hər bir şəxs bunu qəbul etməlidir.
|
|
 |
Elanlar |
 |
|
|
|
|
|
|
 |
Kampaniyalar |
 |
|
|
|
|
|
|