Tomas Hammarberq,
Avropa Şurasının İnsan Hüquqları üzrə KomissarıAvropa İnsan Hüquqları Məhkəməsi bütün Avropadan olan adi insanların çoxsaylı müraciətlərinin axını ilə üzləşib. 2009-cu il ərzində əlli mindən artıq ərizə qəbil edilib və baxılası işlərin sayı yüz mindən artıqdır. Bu rəqəmlər Məhkəmənin icraatında islahatlar aparılmasına ehtiyac olduğunu, lakin hər şeydən əvvəl milli səviyyədə insan hüquqlarının müdafiəsi zərurətini vurğulayır. İşlərin bu kütləvi axınının çatdırdığı əsas mesaj ondan ibarətdir ki, Strasburq Məhkəməsi Avropa dövlətində hüquqlarının müdafiə edilmədiyini düşünən bir çox fərdlər üçün önəmlidir. 1959-cu ildən bəri qəbul edilmiş hər beş qərarın dördündə o, cavabdeh dövlət tərəfindən Konvensiyanın ən azı bir pozuntusunu aşkar edib.
İşlərin öhdəsindən gəlmək məqsədi ilə Məhkəmə öz səmərəliliyini artırmaq üçün addımlar atıb. Son onillikdə yekun qərarların sayı iki dəfədən artıq çoxalıb. 14 saylı məşhur Protokol qüvvəyə mindikdən sonra prosedurları sadələşdirmək və Məhkəmənin səmərəliliyini gücləndirmək üçün əlavə imkanlar yaranacaq.
Lakin şübhə yoxdur ki, iş yükünün altında Məhkəmənin batıb qalmasından yaxa qurtarmaq üçün əlavə tədbirlərə ehtiyac vardır. Bu qəti fikirdir ki, qərarların keyfiyyətliliyi saxlanılmalı, qərarlar ağlabatan müddətdə çıxarılmalı və hər şeydən əvvəl müvafiq dövlətlər tərəfindən tam və səmərəli surətdə icra edilməlidir.
Məhkəmənin fəaliyyətinin aktuallığı açıq-aşkardır, çünki onun qərarları statuslarından asılı olmayaraq insanların həyatına konkret təsirə malikdir.
Lakin Məhkəmənin fəaliyyəti fərdi işlər üçün aktual olmaqla yanaşı həm də ona görə aktualdır ki, İnsan hüquqları haqqında Avropa Konvensiyası Avropa Şurasının üzvü olan bütün dövlətlərdə daxili qanunvericiliyə daxil edilib. Beləliklə, Strasburq Məhkəməsinin qərarları bütün üzv dövlətlər üçün milli qanunvericiliyin şərhində ən nüfuzlu mənbə rolunu oynayır.
Yaxın gələcəkdə Avropa İttifaqının Konvensiyaya qoşulması ilə sistemin bu aspektinin əhəmiyyəti artacaqdır.
Bu sistemin əsas xüsusiyyəti fərdi şikayət hüququdur, belə ki, Avropa Şurasının ərazisindəki 800 milyon fərdin hamısı ən son vasitə qismində fövqəlmilli səviyyədə ədalət mühakiməsinə müraciət etmək hüququna malikdir. Dünyanın digər hissələrində insan hüquqları yönümündə çalışan hökumət nümayəndələri və vətəndaş cəmiyyəti fəalları bu unikal Avropa modelini öyrənir və ondan ruhlanırlar.
Bu görkəmli təsisatın səmərəliliyinin və bununla birlikdə həm də ona etimadın təmin edilməsi üçün əlavə islahatlara ehtiyac olacaqdır. Əsas problemlərdən biri ondan ibarətdir ki, çoxlu sayda açıq-aydın qəbul olunmayan və ya əsassız ərizələrə baxılması onun fəaliyyətinə maneçilik törədir. Faktiki olaraq ərizələrin azı doxsan faizi bu kateqoriyaya aiddir. Bu, prosedurlar barədə informasiyanın üzv dövlətlərdə yayılması üçün daha ciddi səylərə ehtiyac olduğunu göstərir.
Bundan başqa, “təkrarlanan işlər” deyilən ciddi problem mövcuddur. Qəbul olunmayan elan edilmiş işlərin təxminən əlli faizində faktiki olaraq artıq Məhkəmə qərarlarının predmeti olmuş məsələlər qaldırılır. Buna görə də onlar əslində cavabdeh dövlətlər tərəfindən onların müvafiq milli sistemi çərçivəsində həll edilməlidir.
Bu təsdiq edir ki, Məhkəmənin qərarlarının dövlətlər tərəfindən sistematik icrasında ciddi boşluq var. Bu, oxşar pozuntuların qarşısının alınması üçün sürətli, dolğun və səmərəli icra fəaliyyətini tələb edir. Nazirlər Komitəsinin ciddi tövsiyələrinə baxmayaraq, əslində bir sıra ölkələr Konvensiya standartlarının daxili qanunvericilikdə və praktikada təsbit edilməsinə nail olmaqdan uzaqdırlar. [1] Bu, problematik məsələdir, çünki insan hüquqlarının müdafiəsi üzrə Avropa sisteminə etimad son nəticədə standartların praktikada səmərəli tətbiqindən asılıdır.
Avropa Məhkəməsinin üzləşdiyi çətinliklər barədə müzakirədə daha çox qabaqlayıcı tədbirlərə olan ehtiyac önə çəkilməlidir. Əsas sual ondan ibarət deyil ki, Məhkəmə nə üçün bu çətinliklərlə üzləşib, əsas sual ondan ibarətdir ki, nə üçün bu qədər çoxlu sayda fərdlər öz şikayətləri ilə Məhkəməyə müraciət etməyə ehtiyac duyurlar.
Çıxarılan nəticə ondan ibarətdir ki, dövlətin özündə, ölkədaxili səviyyədə insan hüquqlarının müdafiəsi üçün çox iş görülməlidir. Avropa sistemi heç bir halda milli sistemlərin uzunmüddətli əvəzləyicisi rolunu oynaya bilməz.
İcradakı boşluğu aradan qaldırmaq üçün hökumətlər insan hüquqlarına dair Avropa müqavilələrinin tam yerinə yetirilməsini təmin edə biləcək sistematik və hərtərəfli strategiya hazırlamalı və əlbəttə ki, bu işə Konvensiyadan və Məhkəmənin presedent hüququndan başlamalıdırlar. İnsan hüquqları üzrə öhdəliklərin yerinə yetirilməsinə dair milli planın hazırlanması bu cür sistematik yanaşma üçün ideal baza olardı. [2]
• Bunun üçün ölkədə insan hüquqlarının vəziyyətinin geniş və aydın mənzərəsini verən baza xarakterli milli araşdırmadan başlamaq olar. Mövcud siyasətin və praktikanın hərtərəfli qiymətləndirilməsi və problemli sahələrin etiraf edilməsi fəaliyyət üçün baza rolunu oynaya bilər. Beynəlxalq müqavilələrin icra dərəcəsi, habelə Məhkəmənin qərarlarına (o cümlədən digər ölkələrə aid olan aparıcı qərarlara) reaksiya qiymətləndirilə bilər. Bu vəzifənin yerinə yetirilməsi üçün nazirliliklərarası komitənin təyin olunması (Polşada və İsveçdə olduğu kimi) çox faydalı ola bilər.
• Növbəti mühüm addım baza araşdırması zamanı aşkar edilmiş insan hüquqları ilə bağlı problemlərin həlli üçün insan hüquqlarına dair milli fəaliyyət planının hazırlanması olmalıdır. Belə planlarda konkret fəaliyyətlər yer almalı və onların icrasına görə cavabdeh olan dövlət orqanları göstərilməlidir. Bu fəaliyyətlərlə yanaşı sonrakı icra və qiymətləndirmə tədbirləri üçün müddətlər və meyarlar göstərilməlidir. Bu prosesə beynəlxalq səviyyədə hesabat öhdəlikləri də daxil edilməlidir.
• Dövlətlər bu proseslərə bütün maraqlı tərəfləri, o cümlədən ombudsmanları və digər milli insan hüquqları strukturlarını, vətəndaş cəmiyyətini və əlverişsiz vəziyyətdə olan insan qruplarının təmsilçilərini cəlb etməlidirlər. Bütün tərəflərin cəlb olunmasını və iştirakını təmin edən bu cür yanaşma planın legitimliyinə şərait yaradar, hamını ortaq məxrəcə gətirər və icranı səmərəli edər.
• Fəaliyyət planlarının icrası mütəmadi olaraq nəzərdən keçirilməli və icra başa çatdıqdan sonra nəticələr müstəqil surətdə qiymətləndirilməlidir. Bu prosesin bütün tərəflərin cəlb olunması və iştirakı baxımından və şəffaflıq baxımından qiymətləndirilməsi son nəticənin qiymətləndirilməsi ilə eyni dərəcədə önəmlidir.
• Dövlətlər siyasətçilərin və planın icrasına görə cavabdeh olan dövlət orqanlarının və qurumlarının rəhbərliyinin prosesə fəal cəlb olunması vasitəsilə fəaliyyət planlarına yüksək səviyyəli və uzunmüddətli dəstəyi təmin etməlidirlər. Milli və yerli seçkilər dövrünü əhatə edən fəaliyyət planları davamlılığın təmin edilməsi üçün parlament tərəfindən müzakirə olunmalı və (və ya) qəbul edilməlidir.
• İnsan hüquqlarına dair tədbirlərin planlaşdırılması büdcənin müəyyən edilməsi prosesi ilə koordinasiya olunmalıdır ki, insan hüquqları sahəsindəki işin düzgün maliyyələşdirilməsi təmin edilsin. Büdcə təkliflərini insan hüquqları perspektivindən nəzərdən keçirmək lazımdır ki, siyasətçilər qərarlarının nəticələri barədə məlumatlı olsunlar və onların hesabatlılığı təmin edilsin.
• Bu siyasətin əhəmiyyətli hissəsi insan hüquqları məsələsinin dövlət idarəçiliyinin adi işləri sırasına daxil edilməsindən ibarət olmalı və müzakirə və təcrübə mübadiləsi üçün şəbəkələr və ya digər forumlar bərqərar etmək vasitəsilə bütün səviyyələrdə dövlət orqanları arasında səmərəli koordinasiyanı və əməkdaşlığı təmin etməlidir.
• Yerli hakimiyyət orqanları baza xarakterli hərtərəfli yerli araşdırmaları həyata keçirməyə, fəaliyyət planlarını tərtib etməyə və ya yerli vəziyyətin mütəmadi nəzərdən keçirilməsini və insan hüquqları ilə bağlı problemlərin həllinə yönələn səylərin koordinasiyasını təmin edən analoji sənədləri hazırlamağa həvəsləndirilməlidir. İstər özəl, istərsə də dövlət qurumları tərəfindən həyata keçirilən səhiyyə, təhsil və ya sosial xidmətlərin təmin edilməsinin monitorinqi üçün adekvat sistemlər bərqərar edilməli, bu zaman insan hüquqlarına əsaslanan yanaşmadan istifadə edilməlidir.
• Məlumatların, o cümlədən əlverişsiz vəziyyətdə olan insan qrupları haqqında informasiyaların toplanması və təhlili üçün adekvat sistemlərin bərqərar edilməsi də önəmlidir. Həssas xarakterli məlumatların toplanması könüllü olmalı və konkret qrupa mənsub olan fərdlərin kimliyinin açıqlanmasının qarşısının alınması üçün lazımi təminatlarla müşayiət olunmalıdır. Rəsmi məlumatlar insan hüquqları üzrə milli strukturların və QHT-lərin müvafiq informasiyaları ilə tamamlanmalıdır.
• Ombudsmanların və digər milli insan hüquqları strukturlarının müstəqilliyinə hörmət edilməlidir. Onlar öz funksiyaların yerinə yetirmək üçün yetərli resurslara malik olmalıdırlar. Adi insanların onlara asanlıqla müraciət edə bilməsi üçün regional və ya yerli səviyyədə bu cür təsisatların qurulmasına diqqət yetirilməlidir. Bu cür qurumlar adekvat resurslarla təmin edildiyi təqdirdə Konvensiyaya və Məhkəmə prosedurlarına dair milli informasiya sisteminin bərqərar edilməsinə də yardımçı ola və bu informasiyanın hər bir maraqlı fərd üçün asanlıqla əlçatan olmasını təmin edə bilərlər.
• İnsan hüquqlarını bütünlüklə təhsil və təlimə daxil etmək, habelə insan hüquqlarına dair məlumatlılığı artırmaq vasitəsilə insan hüquqları mədəniyyətinin tərbiyə olunması digər bir mühüm quruculuq işidir. İnsan hüquqlarına dair bütün maarifləndirmə işlərində konkret və anlaşılan dildən istifadə önəmlidir. Dövlət qulluqçularının və digər şəxslərin insan hüquqlarına aidiyyəti olan digər peşə sahiblərinin maarifləndirilməyə olan ehtiyacları qiymətləndirilməlidir ki, onlar səlahiyyətlərinə aid olan sahədə beynəlxalq standartlar barədə
Bu istiqamətlərdə ciddi islahatlar paketi istənilən ölkədə insan hüquqlarının müdafiəsini yaxşılaşdıra bilər. O, Konvensiyada təsbit olunmuş fundamental subsidiarlıq prinsipinə cavab verə bilər. İdeal məqsəd ondan ibarətdir ki, hər bir fərd öz ölkəsində ədalət mühakiməsinə müraciət edə və ədalət mühakiməsinə nail ola bilsin.
İnsan hüquqlarının ölkədaxili səviyyədə reallaşdırılması üçün bu cür sistematik tədbirləri asanlaşdırmaq məqsədi ilə Avropa Şurasının digər tərkib hissələri (o cümlədən mənim idarəm və İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş Direktorluq) üzv dövlətlərə məsləhət xidmətləri təklif edir.
Bu səylər yalnız o halda arzu olunan nəticələr verə bilər ki, hökumətlər onlara indiyə qədər verdiklərindən daha artıq prioritet versinlər. Hətta bu halda belə, onların həyata keçirilməsi müəyyən vaxt aparacaq, bu isə öz növbəsində Strasburqdakı Məhkəmə icraatında təcili islahatlara ehtiyac olduğunu vurğulayır.
Hətta indi Məhkəməyə daxil olan çoxlu sayda işlər milli səviyyədə qaneedici şəkildə həll olunsa belə, bu Məhkəmə heç vaxt lüzumsuz olmayacaq. Konvensiyanın etibarlı şərhinə ehtiyac duyduğumuz mühüm işlərdə Məhkəmənin müdrikliyi həlledici amil olmaqda davam edəcək.