Azərbaycan: “İfadə azadlığı prioritet məsələ kimi müdafiə edilməlidir”, – deyə komissar Hammarberq bildirir
İfadə azadlığı, qeyri-hökumət təşkilatlarının vəziyyəti, hüquq-mühafizə əməkdaşları tərəfindən insan hüquqlarına hörmət və ədalət mühakiməsinin həyata keçirilməsi Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin martın 1-dən 5-dək Azərbaycana səfərinin əsas mövzuları olmuşdur.
Səfər zamanı Komissar Prezident İlham Əliyevlə, Daxili İşlər Naziri Ramil Usubovla, Ədliyyə Naziri Fikrət Məmmədovla, Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyevlə, Baş Prokuror Zakir Qaralovla və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovla görüşmüşdür. Onun digər həmsöhbətləri arasında Ombudsman Elmira Süleymanova və vətəndaş cəmiyyəti təmsilçiləri olmuşdur.
Komissar həmçinin həbsxanalara da gedərək orada jurnalistlər Qənimət Zahidov və Eynulla Fətullayevlə və iki gənc fəalla – Emin Abdullayev və Adnan Hacızadə ilə söhbət etmişdir.
Komissar diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb edilmənin ləğvi ilə bağlı müzakirələrin davam etdirildiyini qeyd etmişdir. O, həmçinin qanunvericilik bazasına jurnalistlərin fəaliyyətinə mənfi təsir göstərə biləcək son dəyişikliklərlə bağlı həmsöhbətləri tərəfindən ifadə edilmiş narahatlıqları qeyd etmişdir.
Diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb edilmənin ləğvi ifadə azadlığının müdafiəsi üçün mühüm addımdır, amma bu yetərli deyil. Cinayət qanunvericiliyinin müddəalarının ifadə etdikləri baxışlara və ya rəylərə görə jurnalistlərə və ya digər şəxslərə selektiv qaydada tətbiq edilməməsini təmin etmək lazımdır.
Ədliyyə Naziri ilə görüşdə Komissar Hammarberq qeyri-hökumət təşkilatlarının qeydiyyatı məsələsini qaldırmışdır. Nazir isə öz növbəsində Komissarla razılaşmışdır ki, qeydiyyat üçün müraciətlərə baxılması prosesi cəld və səmərəli şəkildə həyata keçirilməlidir. Məqsəd İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 11-ci maddəsinə uyğun olaraq birləşmək azadlığını təşviq etmək olmalıdır.
Azərbaycanın dövlət orqanları hüquq-mühafizə əməkdaşlarına insan hüquqları ilə bağlı təlim keçirilməsini genişləndirmək üzrə müxtəlif təşəbbüslər barədə Komissarı məlumatlandırmışlar. Təlimlər bütünlüklə hüquq-mühafizə peşəsində insan hüquqları dəyərlərinin möhkəm təməlini formalaşdıran hərtərəfli və davamlı strategiyanın tərkib hissəsi olmalıdır. Dövlət orqanları Komissara məlumat vermişlər ki, elə hallar olmuşdur ki, polis əməkdaşlarına qarşı şikayətlər cinayət prosesinin başlanılmasına gətirib çıxarmışdır. Komissar dövlət orqanlarını işgəncə və amansız rəftar halları barədə bütün iddiaların müvafiq sanksiyalar tətbiq edilməklə cəld və səmərəli araşdırılmasını təmin etməyə çağırmışdır.
Komissarın müzakirələri zamanı ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və ədalətli məhkəmə araşdırması hüququ məsələləri qaldırılmış və diqqətə çatdırılmışdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan tərəfindən Konvensiyanın 6-cı maddəsinin bir neçə pozuntusunu müəyyən etmişdir. Komissar məhkəməyəqədər həbs tədbirindən həddən artıq istifadə edilməsi ilə bağlı vəziyyəti düzəltmək üçün atılmış ilkin addımları alqışlamışdır.
Komissar ilk dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmiş, orada Ali Məclisin sədri Vasif Talıbovla, habelə Ombudsman Ülkər Bayramova ilə və qeyri-hökümət təşkilatlarının təmsilçiləri ilə görüşmüşdür. Bu səfər Naxçıvanın hakimiyyət orqanları ilə insan hüquqları məsələlərinə dair dialoqun başlanmasına imkan yaratmışdır.
Səfər barədə hesabat bir qədər sonra yazda dərc olunacaq.