TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Avropa Şurasının qısa tarixi

image

Avropa İİ Dünya Müharibəsindən sonra
Müharibədən azad olmuş Avropa çox acınacaqlı və 5 illik müharibədən təngəyə gəlmiş bir vəziyyət içərisində yaşayırdı. Dövlətlər öz tənəzzülə uğramış iqtisadiyyatlarını bərpa etməli, öz təsir qüvvələrini yenidən yaymalı və ən başlıcası bu cür faciənin yenidən baş verməməsini təmin etməli idilər.
Vinston Çörçill 1946-cı ilin Sentyabrında Zürixdə etdiyi çıxışında bu məsələnin həllini tapan ilk şəxs oldu. Çörçillin fikrincə, vahid səhnəni yenidən dəyişəcək bir möcuzə lazım idi ki, o da öz növbəsində Avropanı bir neçə il müddətində hazırki İsveçrənin vəziyətinə gətirib çıxaracaq. Biz Avropa Birləşmiş Ştatları qismində bir orqan qurmalıyıq”. Müxtəlif əqidələrə malik, lakin eyni zamanda Avropa birliyinə istiqamətlənən hərəkatlar hər yerdə baş qaldırmağa başladı. Bütün bu təşkilatlar Avropa Birliyi Hərəkatlarının Beynəlxalq Komitəsini yaratmaq məqsədilə birləşmişdilər. Onların ilk tədbiri 1948-ci ilin Mayın 7-də “Avropa Konqresi” kimi yadda qalan Haaqa Konqresinin çağrılması oldu.
1949-cu ildə təsis olunan Avropa Şurası özündə 46 üzv dövləti birləşdirən və insan hüquqlarının əsas prinsiplərini təmin edən Avropanın ən qədim və möhtəşəm təşkilatlarından biridir. Təşkilat özünün 50 illik fəaliyyəti zamanı öz fəaliyyət sahəsini daha da genişlənmdirmiş və bütün qitəyə yayilmışdır. Avropanın tarixində baş verən qlobal dəyişikliklər – Sovet İttifaqının dağılması, Berlin divarının uçurulması və soyuq müharibənin başa çatması Avropa Şurasına ünvanlanan üzvlük ərizələrinin sayının artmasına və yeni prioritetlərin və o cümlədən müvafiq strategiyanın işlənib hazırlanmasına gətirib çıxartdı.

Haaqa Konqresi
İyirmi dövləti təmsil edən mindən çox nümayəndə, böyük miqdarda olan müşahidəçilər (siyasətçilər, dinşünaslar, akademiklər, yazıçılar və jurnalistlər) ilə birgə Konqresdə iştirak ediblər.
Konqresin məqsədi Avropa birliyi naminə hərəkatların geniş əhatə dairəsini nümayiş etdirmək və birliyin yaradılması üçün əsas olan məqsədləri müəyyən etməkdən ibarət olub. Konqresin sonunda təhlükəsizliyin, iqtisadi müstəqilliyin təmin olunması məqsədilə iqtisadi və siyasi birliyin yaradılması, milli parlamentlər tərəfindən seçilən məşvərətçi assembleyanın təşkili, İnsan Hüquqları üzrə Avropa Xartiyasının hazırlanması, qərarların yerinə yetirilməsini təmin edəcək Məhkəmənin təsis olunmasına çağıran bir sıra qətnamələr qəbul edildi. Avropanın qurulması ətrafından olan mövzuların əksəriyyəti bu ilkin layihə çərçivəsində nəzərdən keçirildi. Konqres həmçinin fikir ayrılıqlarının da şahidi oldu. Bu ayrılma meylləri sonradan Avropa federasiyasının sözlə dəstəkləyənlər (Fransa və Belçika) və hökumətlərarası əməkdaşlığı dəstəkləyən Böyük Britaniya, İrlandiya və Skandinaviya ölkələri arasında müşahidə olundu.


Avropa Parlament Assambleyası
Beynəlxalq səhnədə baş verən Praqa mühasirəsi2 və Berlin Blokadası3 kimi Şərq-Qərb qarşıdurması müvafiq təcili tədbirlərin görülməsindən xəbər verdi və dövlətlərarası həqiqi birliyin ciddi düşünməyə vadar etdi.
Avropa Konqresindən iki ay sonra, Fransanın Xarici İşlər Naziri Jorj Bido4 tərəfdaş ölkələr olan Böyük Britaniya və Benilüks ölkələrini və o cümlədən Haaqa təkliflərini dəstəkləyən digər ölkələri, hazırladığı Brüssel Müqaviləsini5 imzalamağa dəvət etdi. Onu bir neçə gündən sonra əvəzləyən Robert Şuman6 dəvəti təsdiq etdi. Fransanın təklifini dəstəkləyən Belçikanın Baş Naziri Pol Anri Spaak7 geniş səlahiyyətlərə malik, müxtəlif dövlətlərin parlament üzvlərindən ibarət və majoritar qaydada qərar qəbul edən Avropa Assambleyasının yaradılmasına çağırdı. Assambleyanın əsas rolunu müəyyən edən bu plan hökumətlərin bu günə kimi təcrid olunması qaydasına öyrəşən Avropada çox inqilabi bir formada qəbul edilirdi. Lakin, hökumətlərarası əməkdaşlıq formasına üstünlük verən Böyük Britaniya sırf məşvərətçi funksiyasına malik Assambleyanın yaradılması yanaşmasından əvvəllər imtina edirdi.  
Böyük Britaniya öz münasibətini yalnız uzun davam edən danışıqlardan sonra bir qədər dəyişdi. Nəhayət, 1949-cu ilin 27-28 Yanvar tarixində Brüssel Müqaviləsini8 imzalayan dövlətlərin Xarici İşlər Nazirləri Belçikanın paytaxtında görüşərək birgə razılığa gəldilər: Avropa Şurasının Nazirlər Komitəsi ayrıca iclas keçirməli, məşvərət orqanı isə ümumi iclas keçirməli idi. Assambleya, əməkdaşlığı dəstəkləyənləri razı salmaq məqsədilə sırf məşvərətçi funksiyana, Nazirlər Komitəsi isə qərar qəbul etmə funksiyasına malik olmalı idi. Avropa federasiyası tərəfdarlarının tələblərini yerinə yetirmək məqsədilə Assambleya tam səsvermə azadlığına malik olmaqla öz hökumətlərində müstəqil qaydada çıxış etməli idi. Böyük Britaniya Assambleya üzvlərinin hökumətlər tərəfindən seçilməsini tələb edirdi. Kompromisin bu mühüm aspekti sonradan nəzərdən keçirildi və 1951-ci ildən parlamentlər öz nümayəndələrini seçmək səlahiyyətinə malik oldular.

“Böyük” və “Kiçik” Avropa
1949-cu ilin Mayın 5-də Londonun Müqəddəs Ceyms Sarayında Avropa Şurasının Nizamnaməsinin əsasını qoyan müqavilə on dövlət tərəfindən imzalandı: Belçika, Fransa, Lüksemburq, Niderland, Böyük Britaniya, İrlandiya, İtaliya, Danimarka, Norveç və İsveç. Avropa Şurası bu andan öz fəaliyyətinə başladı. Təşkilatın ilk sessiyaları Strasburqda keçirilmiş, sonradan isə Təşkilatın qərargahı bu şəhərdə yerləşdirildi. Təşkilatın təsis olunmasından bir neçə il keçdikdən sonra ilk mühüm konvensiya hazırlandı: Avropa İnsan Hüquqları Konvensiyası 1950-ci ilin Noyabrın 4-də Romada imzalanmış, 1953-cü ilin Sentyabrın 3-də isə qüvvəyə minmişdir.
Yeni yaranan təşkilat ictimai fikrin diqqətini cəlb edirdi. Geniş ictimaiyyət bu təşkilatı Avropa xalqlarının müxtəlif siyasi yanaşmalarını və zəruri niyyətlərini ifadə etmək üçün bir məkan kimi qəbul edirdilər. Təşkilat isə öz növbəsində Nizamnamənin 1-ci Fəslində qeyd olunduğu kimi aşağıdakı məqsədi güdür: “Avropa Şurasının məqsədi üzv dövlətlər arasında, onların ümumi irsi üzrə ideya və prinsiplərini həyata keçirmək və qorumaq, və o cümlədən iqtisadi və sosial tərəqqini təmin etmək məqsədilə üzv dövlətlər arasında birlik yaratmaqdan ibarətdir.”
Məqsədlərə nail olmaq məqsədilə, Avropa Şurasına müəyyən vasitələr tətbiq olundu ki, onlar da öz növbəsində Təşkilatın Nizamnaməsində öz əksini tapıb: Bu məqsəd qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi, iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlər ilə bağlı müqavilələr və o cümlədən insan hüquqları və əsas azadlıqların təmin olunması və həyata keçirilməsi yolu ilə Avropa Şurasının orqanları tərəfindən həyata keçirilməli idi. ”Əldə olunan razılığa əsasən, Nizamnamə Haaqa nümayəndələrinin “iqtisadi və siyasi bilriyə” nail olmaq çağırışına nail olmaq məqsədilə konstitusiyanın hazırlanması və milli suverenliyin birləşdirilməsi kimi məsələlərə yer ayırmayıb.
Eyni zamanda siyasi və iqtisadi cəbhələrdə baş qaldıran təcili məsələlərin tədqiq edilməsi ilə bağlı ayrıca qurumların təsis olunması ehtiyacı yarandı. Almaniya Federativ Respublikasının Avropa Şurasına üzv olmasından bir az sonra, Robert Şuman müxtəlif siyasi və büdcə vasitələri ilə təmin olunan Avropa Kömür və Polad Birliyinin yaradılması fikrini irəli sürdü.
İnteqrasiya ideyası ətrafında sıx birləşən altı dövlət: Belçika, Fransa, İtaliya, Lüksemburq, Niderland və Almaniya Federativ Respublikası 1951-ci ilin Mayın 9-da ilk olaraq bu Birliyə qoşuldular. “Böyük Avropanın” mövcudluğuna gətirib çıxaran artan təcrübə və öhdəlik, “Kiçik Avropanı öz növbəsində Avropa quruculuğunun “naməlum yerə sıçrayışına” gətirib çıxarırdı.

İlkin inkişaf
1949-1970-ci illər arasında səkkiz yeni dövlət Avropa Şurasına üzv oldu: üzv olma tarixi qaydası ilə əvvəl Yunanıstan sonra isə İslandiya, Türkiyə, Almaniya, Avstriya, Kipr, İsveçrə və Malta. Təşkilat bu zaman öz strukturunu və əsas institutlarını genişləndirdi. Beləliklə, 1960-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsinin ilk ictimai dinləməsi keçirildi. Bu illər həmçinin ilk ixtisaslaşmış nazirlər konfranslarının keçirilməsi ilə yadda qaldı. 1970-ci ilin əvvələrində bu konfransların fəaliyyəti bir çox sahələri əhatə etməyə başladı. İlkin olaraq, 1959-cu ildə sosial və ailə məsələlərinə cavabdeh olan Avropa Nazirlərinin birgə iclası keçirildi. 1961-ci ilin Oktyabrın 18-də Romada Avropa Sosial Xartiyasının əsasını qoyan müqavilə imzalandı. Avropa Şurası öz növbəsində bu Xartiyanı Avropa İnsan Hüquqları Konvensiyasına sosial sahədə əvəzedici rolunda qəbul etdi.
Xartiya 1965-ci ilin Fevralın 26-da qüvvəyə mindi. Xartiya tətil etmək və sosial müdafiə hüququ daxil olmaqla 19 hüququ özündə ehtiva edir, lakin bununla belə İnsan Hüquqları Konvensiyasının malik olduğu effektiv aparata malik deyildi. Bununla belə, bu Xartiya sosial hüquqların Avropada yayılmasına xidmət edən bir ümumi orqan qismində fəaliyyət göstərir.
1961-ci ildə Təşkilatın Mədəni Əməkdaşlıq üzrə yeni orqanı təsis olundu. Avropa Şurasına üzv olmayan dövlətlər bu orqana üzv ola bilərdilər. Misal olaraq, 28 il sonra Təşkilata üzv olan Finlandiya bu orqana üzv oldu. Eyni zamanda, 1964-cü ildə Avropa Farmakopeyasının, 1967-ci ildə isə Avropa Gənclər Mərkəzinin əsası qoyuldu.


Böhranlı vəziyyətlər
Avropa Şurasının üzləşdiyi ilk siyasi böhran 1967-ci ildə Yunanıstan polkovniklərinin qanuni yola seçilmiş hökuməti devirməsi və avtoritar hakimiyyətin qurması ilə bağlı oldu. Bu hadisə Təşkilatın müdafiə etdiyi demokratik prinsipləri açıq-aşkar pozurdu. 1969-cu ilin Dekabrın 12-də Yunanıstanın Təşkilatın sıralarından xaric olunması üzrə qərarın verilməsindən bir neçə saat əvvəl, Yunanıstandakı hərbi rejim Avropa İnsan Hüquqları Konvensiyasından imtina etməklə və Avropa Şurasının sıralarından xaric olunmaqla vəziyyəti gərginləşdirdi. Bu hadisə beş il keçməmiş, 1974-cü ilin Noyabrın 28-i diktatorluğun süqutu və demokratiyanın bərpa olunması ilə nəticələndi. Həmin ilin yayında Kiprin şimal hissəsinin Türkiyənin hərbi qüvvələri tərəfindən işğalı ilə bağlı ada ətrafında yaranan böhran Avropa Şurasının üzləşdiyi mənfi hadisələrdən biri oldu. Avropa Şurasının və BMT Baş Katibinin bu böhranın həllini tapmaq üzrə birgə səyləri uğursuzluqla nəticələndi.
Yeni böhran, 1981-ci ildə Parlament Assambleyasının iki həftə əvvəl Türkiyədə baş verən hərbi yolla dövlət çevrilişinə cavab olaraq Türkiyə nümayəndə heyətinin mandatını dayandırması ilə yarandı. Türkiyə nümayəndə heyəti Parlamentdəki yerini yalnız 1984-cü ildə azad seçkilər keçirməklə bərpa edə bildi.
Yunanıstanın Təşkilat sıralarına qayıtması Şərqi Avropadakı sonuncu avtoritar rejimin aradan qaldırılması oldu. Portuqaliya, ölkədə Salazar9 diktatorluğunun 48 illik hökmranlığına son qoyan 1974-cü il inqilabından sonrakı iki ildən sonra, 1976-cı ilin Sentyabrın 22-də Avropa Şurasına üzv oldu. 1975-ci ildə isə İspaniyada General Frankonun10 ölümü ölkənin 1977-ci ilin Noyabrın 24-də Təşkilatın sıralarına daxil olmasına gətirib çıxartdı.
Şərq ilə yaxınlaşma
Avropa Şurasının tarixində baş verən növbəti böhranlı vəziyyət 1985-ci ildə Mərkəzi və Şərqi Avropa ölkələrində baş qaldıran müqavimət hərəkatları ilə bağlı oldu. Həmin ilin Yanvarında Nazirlər Komitəsinin Sədri Hans-Ditrix Genşer11 Şərq-Qərb əlaqələrini müzakirə etmək məqsədilə öz əməkdaşlarını fövqəladə sessiyada iştirak etməyə dəvət etdi. Şərqi Avropada, xüsusilə də Rumıniya və Polşada və o cümlədən Mixail Qorbaçovun12 hakimiyyətə gəldiyi Sovet İttifaqında cərəyan edən gərgin vəziyyət Avropa mədəni birliyinə yeni məna verdi. Məhz bu yeni tendensiya, 1985-ci ilin Aprelində qəbul edilən qətnamənin əsas mövzusuna çevrildi. Fərqlilik birliyininin Avropa irsinin əsas sərvəti olmasına əmin olan Avropa Şurası qeyd edib ki, onların ümumi ənənəsi və Avropa birliyi müxtəlif siyasi sistemlər arasındakı sərhədləri dayandırmayacaq. Təşkilat ATƏM-in Yekun Aktına nəzərən, xalqlar və hökumətlər arasında davamlı razılığı təmin etmək vasitələrindən biri kimi mədəni əməkdaşlığın təmin olunmasına xüsusi diqqət yetirirdi.  Şərqi Avropa ölkələri onlara tərəf uzadılan əlləri böyük sevinclə qarşıladılar.
Dövlətlər arasında dostluq münasibətlərinin bərpası nəinki mümkün hətta vacib amilə çevirildi.  Avropa Şurası öz növbəsində Şərqdə cərəyan edən demokratikləşdirmə proseslərindən və perestroyka13 adı altında həyata keçirilən iqtisadi və sosial islahatları müsbət qarşılayırdı. Avropa Şurası bu məqamda bu meylləri dəstəkləməli, onları sarsılmaz etməli və yardıma çağıran dövlətlərin tələblərini yerinə yetirməli idi. Şübhəsiz olaraq, Təşkilat öz prinsiplərindən imtina etmədi, əksinə onları istənilən formada əməkdaşlıq üçün yenidən müəyyən etdi.
Bu tendensiya Nazirlər Komitəsinin 1989-cu ilin Mayın 5-də yeni kursun qəbul edilməsi üzrə qəbul etdiyi bəyannamədə əks olunduğu kimi, Avropa Şurasının aparıcı prinsipinə çevrildi. Həm nailiyyət, həm də ilk addım kimi təsvir oluna bilən bu yeni istiqamət bir sıra dəyişikliklərin nəticəsi idi (Baş Katibin Macarıstana, sonra isə Polşaya səfəri; Parlament Assambleyası Prezidentinin Budapeşt və Varşavaya səfərləri və o cümlədən SSRİ-dən və digər Şərqi Avropa ölkələrindən olan ekspert və nümayəndə heyətlərinin Strasburqa səfərləri). Bu qarşılıqlı səfərlər hətta ən optimist gözləmələri arxada qoyan və surətləndirən bir prosesə hərəkətverici qüvvə bəxş etdi.
Şərqi Avropa dövlətləri insan hüquqlarının qatı müdafiəçisi olan Avropa Şurasının qapısını səbirsizliklə döyməyə başladılar. Təşkilat əvvələr Portuqaliya və İspaniya ilə bağlı vəziyyət ilə eyni qaydada bir növ diktatorluqdan demokratiyaya keçid üçün bir məkana çevrildi. 

Vahid Avropa Evi
Sirr deyil ki, Sovet İttifaqı liderinin Qərbi Avropa parlamentariləri qarşısında etdiyi çıxışı Avropa Şurasında baş tutdu. Mixail Qorbaçov 1989-cu ilin İyulun 6-da məhz bu palatanı seçməklə özünün yeni tərksilah təklifini (qısa məsafəli nüvə raketlərinin birtərəfli şəkildə azaldılması), Vahid Avropa Evi ideyasının təmin olunması (qüvvə tətbiq edilməsindən imtina, Brejnev doktrinasından imtina və sosializmin saxlanılması) təkliflərini irəli sürmək və insan hüquqlarını (Avropa Konvensiyasına müraciət etməyərək) müzakirə etmək məqsədini güdürdü.
Avropa Şurası çox ehtiyatla öz qapılarını yeni dövlətlərə açmağa başladı. Parlament Assambleyası 1989-cu ildə Helsinki Yekun Aktını və İnsan Hüquqları üzrə BMT Müqaviləsininin tələblərini tətbiq etməyə razı olan dövlətlərin milli assambleyaları üçün xüsusi qonaq statusunu təsis etdi. Bu status dərhal olaraq Macarıstan, Polşa, SSRİ və Yuqoslaviyanın milli assambleyalarına verildi və keçmiş Sovet bloku14 dövlətlərinin Təşkilata üzv olmalarına yol açdı.
Mixail Qorbaçovun Parlament Assambleyası qarşısında etdiyi çıxışından dörd ay sonra Berlin divarı15 1989-cu ilin Noyabrın 9-da söküldü. Bu hadisə Avropa Şurasının Baş Katibinə həmin ilin Noyabrın 23-də Avropa Şurasının Avropadakı bütün dövlətləri, onların demokratik qaydaları qəbul etdikləri təqdirdə onları təşkilata üzv qəbul etməyə hazır olduğunu dilə gətirməyə sövq etdi. 
80-cı illərin sonlarında baş verən bu dəyişikliklər, xüsusilə də Dəmir Pərdənin16 aradan qaldırılması təşkilatın yeni siyasi rolunun başlanğıcı oldu.
Macarıstanın üzv olması
Ölkəsinin 1990-cı ilin Noyabrın 6-da Avropa Şurasına üzv olması ilə bağlı etdiyi çıxışında Macarıstanın Xarici İşlər Naziri qeyd etdi ki, bu hadisənin qitənin birliyinin yenidən qurulmasında ilk addım olduğunu bildirdi.
Öndə olan tələbləri yerinə yetirmək və üzv olmadan əvvəl və sonra yeni Avropa tərəfdaşlarını bölüşdürülmüş birliyə cəlb etmək və demokratiyaya keçidi başa çatdırmaqda onlara yardım göstərmək məqsədilə xüsusi proqramlar tərtib olunmağa başladı. Demosthenes, Themis və Lode17 adı altında tərtib olunan bu proqramlar islahatlar sahəsi üzrə mərkəzləşdi: yeni konstitusiyaların yenidən tərtib olunması, yerli qanunvericiliklərin Avropa İnsan Hüquqları Konveniyasına uyğunlaşdırılması, dövlət xidmətinin yenidən təşkili, müstəqil məhkəmə və mediyanın təşkili, yerli demokratiyanın təmin olunması. Bir sözlə bu proqramlar özündə Avropa demokratik və hüquqi cəmiyyətinin tam hüquqlu üzvünə çevrilmək yollarını əks etdirirdi. 
Vyana Sammiti
1992-ci ilin Mayın 4-də Fransua Mitteran18 Parlament Asambleyasının yeni Avropa məkanının qurulmasında Mərkəzi və Şərqi Avropa dövlətlərinin inteqrasiyasına həsr olunmuş sessiyasında məruzə ilə çıxış etdi. O, Avropa Şurası üzv dövlətlərinin dövlət və hökumət başçılarının ATƏM-in iclasları keçirildiyi qaydada eynilə, iki ildə bir dəfə iclas keçirməsi təklifini irəli sürdü. Bu qərar ayrıca olaraq qəbul edildi və 1993-cü ilin May-Noyabr aylarında Nazirlər Komitəsinə sədrlik edən Avstriya Sammiti təşkil etmək və ona ev sahibliyi etmək təklifini irəli sürdü.
1993-cü ilin 8-9 Oktyabr tarixində keçirilən Sammit açıq qapı və genişlənmə siyasətini təsdiq etdi və genişləndirdi. Sammit o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının səmərəliliyinin artırılması islahatından başlayaraq üç prioriteti müəyyən etdi. Bu Konvensiyanın 11 nömrəli Protokolunun mövzusudur. Vyana Sammiti həmçinin milli azlıqların müdafiəsi üzrə məsələyə ayrıca diqqət ayırmışdır ki, bu da öz növbəsində iki ildən artıq gec olmayaraq çərçivə konvensiyasının qəbuluna və dözümsüzlüklə mübarizə prioritetinə gətirib çıxarmalı idi. 
Beləliklə, demokratiyanı qəbul etmək istəyən Avropa dövlətlərinə yeni rol təklif edən, qitədə demokratik təhlükəsizlik zonasını yaradan Avropa Şurası, Vyana Sammitindən sonrakı illərdə üzvlüyə ərizə verən dövlətlərin üzərinə götürəcəkləri öhdəlikləri işləyib hazırladı.
Avropa Şurası genişlənən Avropada
1996-cı ilin Fevralında Rusiya Federasiya Prezidentinin Avropa Şurasına gəlməsi ona dəlalət etdi ki, təşkilat tam olaraq pan-Avropa təşkilatına çevrildi. O vaxtdan bəri, 800 milyona kimi Avropalı yeni Avropanın qurulmasında  iştirak edib.  Avropa Şurasının hazırki fəaliyyəti bir tərəfdən geniş və müxtəlif, digər tərəfdən isə çətin və bir qədər qeyri-stabil mühitə uyğunlaşmağa döğru istiqamətlənir. Bu isə öz növbəsində Təşkilatın əməkdaşlıq proqramlarının təbiətini dəyişir.
Yardım və monitorinq fəaliyyətləri təkmilləşir. Hal-hazırda daha çox diqqət dözümsüzlüyə qarşı mübarizə aparmaq məqsədilə inamın artırılması vasitələri və tədbirlərinə yönəlib. Miqrasiya, korrupsiya, vətəndaşlıq əldə etmək hüququ, sosial təcrid olunma və milli azlıqlar ilə bağlı məsələlər yeni prioritetlər sayılır.
İnsan hüquqlarının qorunması üçün nəzərdə tutulan iki qurum 1998-ci ilin Noyabrın 1-dən yeganə Məhkəmə ilə əvəz edildi. Məhkəmə dizaynı Britaniya memarı Riçard Rocers tərəfindən edilmiş və 1995-ci ilin İyununda təntənəli surətdə açıq élan olunan İnsan Hüquqları Binasında yerləşir.
Eyni zamanda bir sıra Avropa19 və Şimali Atlantika20 qurumları müxtəlif inteqrasiya meylləri təklif etməklə Mərkəzi və Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlıq qurmağa başladılar. Avropa İttifaqının və NATO-nun Madriddə keçirilən Sammitinin hökumətlərarası konfransının himayəsi altında görülən iş ona dəlalət edir ki, Avropa əməkdaşlığı inkişaf etməkdədir. 

Varşava Sammiti
2005-ci il Mayın 16-17-də Varşavada Avropa Şurasının dövlət başçılarının üçüncü Sammiti keçirildi. Kral Qəsrində baş tutan tədbirdə Avropa Şurasının 46 üzv və 5 müşahidəçi dövlətlərinin rəhbərləri, hökumət başçıları iştirak etdilər. Bundan əlavə,  toplantıda AŞ-nin yüksək rütbəli məmurları – baş katib, onun müavini, Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti,  insan hüquqları üzrə komissarı, AŞ PA-nın prezidenti də iştirak etdilər.
Zirvə toplantısının Varşavada keçirilməsi isə təsadüfi deyildi. Bu haqda hələ 2004-cü il iyulun 8-də qərar çıxarılmışdı. Əsas səbəb isə Summitin keçirildiyi ərəfədə Avropa Şurasının Nazirlər Komitəsinə Polşanın sədrlik etməsi idi. Amma qərarın başqa səbəbləri də var idi. Belə ki, Varşava nasist erası dövründə Avropa üçün simvolik bir əhəmiyyət daşıyır. Müharibə dövründə bu şəhər tamamilə dağıdılmış və sonra yenidən qurulmuşduş  Digər səbəb isə Varşavanın kommunizmə qarşı dirəniş mərkəzi hesab olunması ilə bağlıdır. Bundan başqa, Berlin divarının dağılmasından sonra Polşa Avropa Şurasına qoşulan ilk Şərqi və Mərkəzi Avropa dövlətlərindən biri olub. Odur ki, faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində tədbiri məhz Varşavada keçirmək qərar alınmışdı. Zirvə toplantısının Kral Qəsrində keçirilməsi də simvolik xarakter daşıyır. Çünki bu qəsr ikinci dünya müharibəsi illərində tamamilə yerlə yeksan olmuş, daha sonra Polşa diasporunun maliyyə yardımı ilə bərpa edilmişdi.
Bu dəfəki sammitin əsas məqsədi AŞ üçün aydın siyasi prioritetlərinin müəyyənləşdirilməsi ilə bağlı oldu. Bu haqda Avropa Şurasının baş katibi Terri Devis müsahibələrindən birində məlumat verərək qeyd etmişdi ki, hər kəsə məlumdur ki, Avopa Şurası demokratiya, insan haqları və qanunun aliliyi dəyərləri üzərində qurulub və mən ümid edirəm ki, qarşıdan gələn sammit bu dəyərləri təsdiqləyəcək, bununla da demokratiyanın gələcək inkişafı üçün daha geniş imkanlar yaradılacaq, çünki  Avropanın daha inkişaf etmiş demokratiyaya ehtiyacı var. Toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olan işlərə baxılmasında, iş prin¬sip¬lə¬rin¬də çe¬vik¬lik ya¬rat¬maq məq¬sə¬di¬lə həmin məhkəmənin iş prinsiplərində dəyişiklik məsələsi də müzakirə edilmişdir. 
Varşavada keçirilən Sammitdə üzv dövlətlərin başçıları və hökümət rəhbərləri dəyişikliklərlə üzləşən Avropanın terror, insan alveri və mütəşəkkil cinayətkarlıq kimi təhlükələrlə qarşı-qarşıya qalması məsələsini müzakirə edərək bu problemlərin irgə həlli yollarını araşdırmağa səy göstərdilər.
Zirvə toplantısının sonunda Sammit iştirakçıları birgə bəyannaməni imzalayaraq  Avropa Şurasının demokratiya, insan hüquqları və qanun aliliyinin qorunmasını nəzərdə tutan əsas məqsədi üzrə fəaliyyətini davam etdirəcəyini bir daha bəyan etdilər. 



1. Vinston Leonard Spenser Çörçil /1874-1965/; Böyük Britaniyanın Baş Naziri (1940-1945 və 1951-1955).
2. 1948-ci ilin Praqa mühasirəsindən sonra Çexoslovakiya Kommunist partiyası hakimiyyətə gəldi.
3. II dünya Müharibəsindən sonra müttəfiqlər Berlini 4 hissəyə böldülər: şərq hissə SSR-nin nəzarəti altına, cənub-qərb ABŞ-ın, qərb Böyük Britaniyanın, şimal-qərb Fransa qüvvələrinin nəzarəti altına keçdi. Sovet İttifaqının dəstəyi ilə 1948-ci ildə baş verən Berlin mühasirəsi ABŞ-Sovet qarşıdurması üçün bir səbəb oldu.
4. Jorj-Avqustin Bido /1899-1983/. Fransanın Xarici İşlər Naziri (1944-1946 1947-1948 və 1953-54), Müdafiə Naziri (1951-52).
5. İqtisadi, Sosial və Mədəni Əməkdaşlıq və o cümlədən Kollektiv Özünümüdafiə Müqaviləsi (“Brüssel Müqaviləsi”), 17 Mart 1948-ci il.
6. Robert Şuman /1886-1963/ Fransanın Xarici İşlər Naziri (1948-1952).
7. Pol Anri Spaak /1899-1972/. Belçikanın Baş Naziri (1938-39, 1946, 1947-49).
8. Brüssel Müqaviləsini imzalayan beş dövlət: Belçika, Fransa, Lüksemburq, Niderland və Böyük Britaniya.
9. 1974-cü ilin Aprelində baş verən “Gül İnqilabından” sonra António Oliveyra Salazarın /1889-1970/ (1932-68) və onun davamçısı Marsello Ketanonun /1906-1980/ (1968-74 diktator hakimiyyəti devrildi;
10. Fransisko Franko Bahamonde /1892-1975/. İspaniya diktatoru (1936-1975);
11. Hans-Ditrix Genşer-  Almaniya Federativ Respublikasının Xarici İşlər Naziri (1974-1992);
12. Mixail Qorbaçov - Sovet Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi (1985-1991).
13. Mixail Qorbaçov tərəfindən 80-cı illərdə irəli sürülən proqram SSR-də radikal sosial-siyasi islahatların həyata keçirilməsini nəzərdə tuturdu.
14. Albaniya Xalq Respublikası, Bolqarıstan Xalq Respublikası, Macarıstan Xalq Respublikası, Almaniya Demokratik Respublikası, Polşa Xalq Respublikası, Rumıniya Xalq Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı və Çexoslovakiya Respublikası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi (Varşava Paktı) - (Şərqi Blok dövlətləri) (1 May, 1955 – 1 İyul, 1991).
15. Almaniya Demokratik Respublikasından olan kütləvi immiqrasiya dayandırmaq məqsədilə və bununla da sosialist rejiminin zəifləməsinin qarşısını almaq məqsədilə 1961-ci ilin Avqustun 13-də Berlin şəhərini təcrid edən divar çəkildi. 1989-cu ilin Noyabrında bu divar söküldü.
16. Bu ifadə “Dəmir Pərdə nitqi” zamanı deyilib. 1946-cı ilin Martın 5-də Missuri ştatının Fulton şəhərindəki Vestminster Kollecinin sorğusuna əsasən Vinston Çörçill özünü məşhur “Dəmir Pərdə” çıxışını etmişdir.
17. Demosthenes, Themis və Lode kimi əməkdaşlıq proqramları 90-cı illərin əvvələrində Avropa Şurası tərəfindən irəli sürülüb. Bu proqramların məqsədi siyasi, qanunverici və konstitusional islahatları dəstəkləməklə və onlara idarəçilik, ədliyyə, penitensiar qurumların idarə olunması kimi sahələrdə dəstək göstərməklə inkişaf etməkdə olan demokratiyalara yardım göstərməkdir.
18. Fransua Mitterran /1916-1996/ - Fransa Respublikasının Prezidenti (1981-1988 və 1988-1995).
19. Avropa İttifaqı, ATƏT və s.
20. Şimali Atlantika Müqavilə Təşkilatı (4 April 1949-cu ildə Vaşinqtonda (ABŞ) imzalanmaqla NATO-nun əsasını qoydu).

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az