AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ NƏDİR?
Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın Strasburq şəhərində yerləşən beynəlxalq məhkəmədir. O, Avropa Şurasına üzv olan və İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanı ratifikasiya etmiş ölkələrin bərabərhüquqlu və bərabərsaylı hakimlərindən ibarətdir. Hazırda məhkəmə hakimlərinin sayı 45 nəfərə çatır. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri müstəqil hakimlər kimi fəaliyyət göstərir və heç bir ölkəni təmsil etmirlər. Avropa Şurasına üzv olan bütün ölkələrin hüquqşünaslarından ibarət reqistr Məhkəməyə daxil olan şikayət ərizələri ilə işdə ona köməklik göstərir (Onlar hüquqi katiblər də adlandırılır). Onlar vətəndaşı olduqları ölkələr qarşısında heç bir öhdəlik daşımırlar və tam müstəqildirlər. Reqistrin əməkdaşları məhkəmədə nə şikayətçiləri, nə də vətəndaşı olduqları ölkələrin hökümətlərini təmsil etmirlər.
İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası nə deməkdir?
İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası yalnız Avropa Şurasına üzv olan dövlətlər tərəfindən imzalanan beynəlxalq müqavilədir. Konvensiya Məhkəməni təsis edir və onun fəaliyyətini tənzimləyir. Avropa Şurasına üzv olan bütün dövlətlərin ehtiram göstərməli olduqları insan haqları və onlarla bağlı zəmanətlərin siyahısı da Konvensiyanın tərkib hissəsidir.
Avropa İnsan Hüquqları Məhkəməsi nə edir?
Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanı tətbiq edir. Məhkəmənin vəzifəsi Avropa Şurasına üzv olan ölkələrin Konvensiyada əks olunan insan haqlarına və onlarla bağlı zəmanətlərə ehtiramla yanaşmalarına nəzarət etməkdir.
Bu nəzarət fərdi şəxslərin, bəzi hallarda isə dövlətlərin təqdim etdiyi şikayətlərə (onlara “şikayət ərizəsi” də deyilir) baxılması yolu ilə həyata keçirilir. Əgər Avropa Şurasına üzv olan ölkənin qeyd olunan hüquqlar və onlarla bağlı zəmanətlərdən birini və yaxud bir neçəsini pozduğu aşkar olunarsa, bu halda Məhkəmə qərar çıxarır. Qərarların icrası məcburidir: ölkələr öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etməlidirlər.
Mən Avropa İnsan Hüquqları məhkəməsinə nə vaxt müraciət edə bilərəm?
Siz şəxsən və bilavasitə Konvensiya və ya onun Protokolları ilə təmin olunan hüquqlarınızın və onlarla bağlı zəmanətlərin pozulduğunu iddia edirsinizsə, Məhkəməyə müraciət edə bilərsiniz. Bu hüquq pozuntularına Konvesiyaya qoşulan ölkələrdən biri səbəb ola bilər.
Konvensiya və onun Protokolları hansı hüququları müdafiə edir?
Konvensiya xüsuilə aşağıdakı hüquqları müdafiə edir:
• Yaşamaq hüququ
• Mülki və cinayət işlərində ədalətli mühakimə olunmaq hüququ
• Şəxsi və ailə həyatına hörmət olunması hüququ
• Fikri sərbəst ifadə etmək azadlığı
• Fikir, vicdan və din azadlığı
• Effektli hüquqi müdafiə azadlığı
• Dinc yaşamaq hüququ
• Seçmək və seçilmək hüququ
Konvensiya və onun Protokolları nəyi qadağan edir?
• Konvensiya xüsusilə qadağan edir:
• İşgəncə verilməsini, qeyri-insani və ya təhqiredici rəftarı və cəzanı
• Əsassız və qanunsuz həbs olunmanı
• Konvensiyada təsbit olunan hüquq və azadlıqlardan qeyri-bərabər istifadə olunmasını
• Dövlətin öz vətəndaşlarını ərazisindən qovmasını və ya onlara həmin dövlətin ərazisinə daxil olmağa qadağa qoymasını
• Edam cəzasının tətbiq edilməsini
• Əcnəbi vətəndaşların ölkədən kollektiv şəkildə çıxarılmasını
ƏRİZƏ İLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK ÜÇÜN MƏN HANSI TƏLƏBLƏRİ YERİNƏ YETİRMƏLİYƏM?
Şəxsən mənə aid olan şərtlər hansılardır?
Siz Avropa Şurasına üzv ölkənin vətəndaşı olmaya bilərsiniz. Sizin şikayətinizlə bağlı olan qanun pozuntusu Konvensiyanı imzalayan ölkələrdən birinin “yurisdiksiyası” çərçivəsində, yəni onun əraziləri daxilində baş verməlidir.
Siz fiziki şəxs, şirkət və ya təşkilatı təmsil edən hüquqi şəxs ola bilərsiniz.
Siz sübuta yetirməyə çalışdığınız qanun pozuntusunun şəxsən və bilavasitə qurbanı olmalısınız. Siz qanun və ya hər hansı məsələ ilə bağlı ümumi şikayət edə bilməzsiniz. Məsələn, hər hansı işin ancaq sizə görə ədalətsiz olduğunu idda edə bilməzsiniz, və ya siz başqa insanların adından şikayət edə bilməzsiniz (Əgər həmin insanlar aydın şəkildə müəyyən olunursa və siz onların rəsmi təmsilçisi sayılırsınızsa, müraciət edə bilərsiniz).
Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməzdən əvvəl milli məhkəmələrdə yerinə yetirilməsi vacib sayılan tələblər varmı?
• Bəli. Siz şikayət etdiyiniz məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməzdən əvvəl öz ölkənizdə bütün məhkəmə araşdırmalarından istifadə etməlisiniz (adətən bu aşağıdakı mənanı daşıyır: siz ilkin instansiya sayılan hər hansı müəyyən məhkəməyə müraciət edirsiniz, məhkəmənin çıxardığı qərar sizi təmin etmədikdə növbəti instansiya appelyasiya məhkəməsidir və əgər sizin tələbiniz burada da təmin edilmirsə, siz kassasiya məhkəməsinə (Azərbaycanda bu məhkəmə Ali Məhkəmə hesab edilir) müraciət edirsiniz).
• Bəzən bu instansiyalara müraciət edilməsi sizin hüquqlarınızın təmin edilməsinə kifayət etmir. Bu halda, siz şəxsən öz etirazınızla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərsiniz (yəni bu halda siz Konvensiyada göstərilən hüquqlarınızın pozulması ilə bağlı müraciət edirsiniz).
• Son instansiya hesab edilən yerli məhkəmə (adətən bu Ali Məhkəmə hesab olunur) qəti qərar çıxardıqdan sonra siz altı ay ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edə bilərsiniz. Bu müddət bitdikdən sonra sizin müraciətiniz Məhkəmə tərəfindən qəbul edilə bilməz.
Mən kimə qarşı şikayət ərizəsi ilə müraciət edə bilərəm?
• Sizin fikirinzcə, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarını pozan (bilavasitə sizinlə bağlı olan bir və ya daha çox pozuntu) Konvensiyanı imzalamış bir və ya bir neçə dövlətə qarşı.
• Şikayət etdiyiniz hərəkət(lər) həmin dövlətin və ya dövlətlərin rəsmi şəxsləri tərəfindən edilməlidir (məsələn məhkəmə və ya inzibati orqan).
• Məhkəmə ayrı-ayrı fərdlərə və ya özəl təsisatlara, məsələn kommersiya şirkətlərinə qarşı qaldırılan işlərə baxa bilməz.
Mən nədən şikayət edə bilərəm?
• Sizin şikayət ərizəniz Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hüququlardan biri ilə əlaqədar olmalıdır. Haqqında şikayət ərizəsi daxil olan pozuntular özündə geniş məsələləri ehtiva edə bilər. Məsələn, həbs olunan insanlara qarşı işgəncələrin tətbiq edilməsi və onlara qarşı qeyri-insani rəftar, qeyri-qanuni həbs, mülki və cinayət məhkəmə proseslərindəki nöqsanlar, qanunların tətbiqi zamanı ayrıseçkiliyə yol verilməsi, valideynlərin uşaqlar üzərində hüquqları, mənzil və məktublaşma hüququna hörmətlə yanaşılması, fikirlərin sərbəst şəkildə ifadə edilməsi və informasiyanın əldə edilməsi, yaxud ötürülməsi zamanı məhdudiyyətlərin qeydə alınması, nümayişlərdə sərbəst iştirak etmək hüququ, ölkədən zorla çıxarılma və ekstradisiya, mülkün konfiskasiyası və şəxsin əlindən zorla alınması.
ƏGƏR MƏN ÖZÜMÜ KONVENSİYADA TƏSBİT EDİLƏN HÜQUQLARIN POZULMASI QURBANI HESAB EDİRƏMSƏ, MƏHKƏMƏYƏ NECƏ MÜRACİƏT EDƏ BİLƏRƏM?
Öz şikayətinizin bütün detallarını aydın şəkildə göstərmək şərtilə məhkəməyə məktubla müraciət edə və yaxud ərizə formasını dolduraraq aşağıdakı ünvana göndərə bilərsiniz:
The Registrar
European Court of Human Rights
Council of Europe
F-67075 Strasbourg Cedex
• Siz məktubu və ya ərizə formasını Məhkəmənin rəsmi dillərindən birində (ingilis və ya fransız), yaxud da Konvensiyanı ratifikasiya etmiş dövlətlərin birinin rəsmi dilində göndərə bilərsiniz (məsələn: Azərbaycan, Rus, Türk və s.).
• Əgər siz şikayət ərizəsini faksla göndərirsinizsə, eyni ərizəni daha sonra poçt vasitəsilə də göndərməlisiniz.
• Öz şikayətinizi şifahi şəkildə şəxsən çatdırmaq üçün Strasburqa gəlməyinizə ehtiyac yoxdur. Bu sizin şikayətinizə daha tez baxılmasına kömək etməyəcək və sizə heç bir hüquqi məsləhət verilməyəcək.
• Məhkəmənin Qeydiyyat şöbəsi sizin şikayət ərizənizlə bağlı olaraq əlavə sənəd, məlumat və ya izahat istəyə bilər.
• Ərizə formasının surətini alan kimi dərhal onu səliqəli və aydın şəkildə doldurub ən qısa vaxt ərzində Məhkəməyə göndərməlisiniz. Ərizə forması aşağıdakıları ehtiva etməlidir:
• Faktların və şikayət etdiyiniz məsələnin qısa təsviri;
• Pozulduğunu güman etdiyiniz Konvensiya müddəalarının qeyd olunması;
• Ölkə daxilində artıq müraciət etdiyiniz məhkəmə araşdırmalarının siyahısı;
• İşiniz üzrə müraciət etdiyiniz bütün qurumlar tərəfindən verilən qərarların surəti (bu sənədlər sizə geri qaytarılmayacaq, ona görə də Məhkəməyə ancaq onların surətləri göndərilməlidir);
• Şikayət ərizəsini göndərən şəxs olaraq sizin və ya sizi təmsil edən şəxsin imzası.
• Əgər siz öz şəxsiyyətinizi gizli saxlamaq istəyirsinizsə, səbəbləri göstərərək dərhal Məhkəməni bu haqda xəbərdar etməlisiniz. Bundan sonra sizin xahişinizin təmin edilib-edilməməsini Məhkəmənin Prezidenti müəyyənləşdirəcək.
• Proseslərin bu mərhələsində sizin hüquqşünasla təmsil olunmağınıza ehtiyac yoxdur. Bununla belə əgər siz Məhkəməyə hər hansı nümayəndə vasitəsi ilə müraciət etmək istəyirsinizsə, ərizə forması ilə birlikdə həmin nümayəndəyənin sizin adınızdan fəaliyyət göstərə bilməsi üçün onun adına etibarnamə də göndərməlisiniz.
ARAŞDIRMANIN ƏSAS İSTİQAMƏTLƏRİ NƏDƏN İBARƏTDİR?
• Sizin işə heç bir ödəmə olmadan baxılacaq.
• Siz ancaq öz şəxsi xərclərinizi ödəməlisiniz (öz hüquqşünasınızın xidmət haqqı, tədqiqat və buna bənzər xərclər kimi).
• Şikayət ərizəniz Məhkəmə tərəfindən qəbul edildikdən sonra hüquqi yardım üçün müraciət edə bilərsiniz. Hüquqi yardım dərhal verilmir, onunla ancaq Məhkəmə araşdırmasının sonrakı mərhələsində təmin olunursunuz.
• Araşdırma yazılı şəkildə aparılır. Buna görə də Məhkəmədə, adətən, dinləmələr olmur və Məhkəmə tərəfindən verilən hər hansı qərar haqqında sizə yazılı şəkildə məlumat veriləcək.
MƏHKƏMƏDƏ ARAŞDIRMA NECƏ APARILIR?
• Birinci növbədə Məhkəmə sizin ərizəni tədqiq etməli və onun qəbul edilib-edilməyəcəyini müəyyənləşdirməlidir. Yəni kazus Konvensiya tərəfindən müəyyən edilmiş konkret tələblərə uyğun olmalıdır (bax “Ərizə ilə məhkəməyə müraciət etmək üçün mən hansi şərtləri yerinə yetirməliyəm” səhifə 7). Əgər bu şərtlər təmin edilmirsə sizin ərizənizə rədd cavabı veriləcəkdir. Əgər siz Məhkəməyə bir neçə ərizə ilə müraciət etmisinizsə, Məhkəmə onlardan birini və ya bir neçəsini qəbul edərək dirgərlərinə rədd cavabı verə bilər.
• Əgər sizin ərizəniz və ya şikayətlərinizdən biri haqda qəbul edilə bilməz qərarı verilibsə, bu qərar qətidir və ona yenidən bir daha baxılmayacaq.
• Əgər sizin ərizəniz və ya şikayətlərinizdən biri haqda qəbul edilə bilər qərarı verilibsə, Məhkəmə ilkin olaraq tərəfləri (siz və haqqında şikayət edilən Dövləti) məsələni mehriban yolla həll etməyə sövq edir. Hər iki tərəf məsələni həll etmək üçün razılığa gəlməyə dəvət olunacaq. Əgər tərəflər bu şəkildə razılığa gəlməsələr, Məhkəmə şikayət ərizəsinə həqiqətdə baxacaq və Konvensiyanın müddəalarının doğrudan da pozulub pozulmamasını müəyyənləşdirəcək.
MƏN NƏ QƏDƏR GÖZLƏMƏLİYƏM?
• Hazırda Məhkəməyə edilən müraciətlərin sayını nəzərə alaraq qeyd etmək olar ki, Məhkəmənin sizin işlə bağlı ilkin araşdırmanı aparması üçün azı bir il gözləmək məcburiyyətində qala bilərsiniz. Əgər ərizəçinin fiziki işgəncəyə məruz qalması ehtimalı haqqında məlumat varsa, bəzi ərizələrə üstünlük verilərək onlara təcili baxıla bilər.
MƏN NƏYİ ƏLDƏ EDƏCƏYİMƏ ÜMİD EDƏ BİLƏRƏM?
Əgər Məhkəmə Konvensiyanın hər hansı müddəası ilə bağlı pozuntu aşkar edərsə, siz müəyyən formada dəymiş zərərin ödənilməsi üçün pul şəkilində “ədalətli kompensasiya” ilə təmin edilə bilərsiniz. Eyni zamanda Məhkəmə şikayət etdiyiniz Dövlətdən sizin bu işlə bağlı xərclədiyiniz bütün vəsaitin geri ödənilməsini tələb edə bilər. Əgər Məhkəmə müəyyən etsə ki, heç bir pozuntu olmayıb, siz heç bir əlavə ödəmə etməyəcəksiniz (məsələn, şikayət edilən Dövlət tərəfindən işlə bağlı xərclənən vəsaitlər).
DİQQƏT YETİRİN:
• Məhkəmənin milli qərarlarla bağlı yenidən qərar vermək və ya milli qanunları ləğv etmək kimi səlahiyyətləri yoxdur.
• Məhkəmə verdiyi hökmlərin icrasından məsuliyyət daşımır. Hökm oxunduqdan dərhal sonra yerdə qalan bütün məsuliyyət Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşür. Bundan sonra hökmün icrası və hər hansı kompensasiyanın verilməsinə nəzarətlə bağlı Nazirlər Komitəsi səlahiyyət daşıyır.
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ MƏNİM ÜÇÜN NƏYİ EDƏ BİLMƏZ?
• Avropa İnsan Hüquqları Məhkəməsi milli məhkəmələrlə əlaqədar olaraq appelyasiya məhkəməsi kimi fəaliyyət göstərmir: o, işlərlə bağlı təkrar dinləmələr keçirmir; işə təkrar baxılmır; o, milli məhkəmələr tərəfindən verilən qərarları ləğv etmək, dəyişmək və ya işə yenidən baxmaq səlahiyyətinə malik deyil.
• Məhkəmə şikayət etdiyiniz hakimiyyət orqanından bilavasitə sizin adınızdan heç bir xahiş etmir.
• Məhkəmə sizə hüquqşünas tapmaqda köməklik göstərmir və onun sizə göstərdiyi xidmətlərə görə heç bir məvacib ödəmir.
• Avropa İnsan Hüquqları Konvensiyasından başqa heç bir hüquqi sənədin pozulması ilə bağlı Məhkəməyə müraciət edə bilməzsiniz. Məsələn Məhkəmə İnsan Hüquqları Üzrə Ümumi Deklarasiyanın və ya Əsas Hüquqlar Xartiyasının pozulması ilə bağlı şikayət ərizələrinə baxmır. Siz Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsi ilə Lüksemburqda yerləşən Avropa İcmalarının Ədalət Məhkəməsini səhv salmamalısınız.
• Məhkəmə şikayətinizin ünvanlandığı Dövlətlə bağlı olaraq sizə heç bir hüquqi məlumat verə bilməz.
Avropa İnsan Hüquqları Məhkəməsi haqqında əlavə məlumat aşağıdakı internet ünvanından əldə edilə bilər: www.echr.coe.int
Siz Məhkəmə ilə aşağıdakı elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz: webmaster@echr.coe.int